Azərbaycan Rəssamlıq Akademiyası yaradıcı sənaye ilə ali təhsil arasında əlaqələrin gücləndirilməsi, maddi-texniki bazanın yenilənməsi və rəqəmsal təhsil mühitinin inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirəcək.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, strategiyanın əsas istiqamətlərindən biri yaradıcı sənaye ilə ali təhsil arasında əlaqələrin möhkəmləndirilməsi və biznes sektoru ilə yeni əməkdaşlıq modellərinin qurulmasıdır.
Tələbələrin istehsalat təcrübələrinin genişləndirilməsi, innovativ dizayn və tətbiqi sənət layihələrinin dəstəklənməsi, yaradıcı sahibkarlığın inkişaf etdirilməsi və məzunların məşğulluq imkanlarının artırılması nəzərdə tutulur.
Akademiyanın maddi-texniki bazasının müasirləşdirilməsi də strateji hədəflər sırasındadır. Emalatxanaların, laboratoriyaların və yaradıcılıq studiyalarının yenilənməsi, müasir proqram təminatı və texniki avadanlıqlarla təchizatın gücləndirilməsi, tədris infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması, elektron idarəetmə sistemlərinin tətbiqi və rəqəmsal təhsil mühitinin inkişaf etdirilməsi planlaşdırılır. Milli təsviri sənət irsinin qorunması və təbliği məqsədilə rəqəmsal arxivlərin yaradılması, virtual muzey və sərgi platformalarının hazırlanması, Azərbaycan təsviri sənətinin beynəlxalq platformalarda sistemli şəkildə təqdim olunması və gənc rəssamların beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, yaradıcılıq yönümlü elmi tədqiqatların genişləndirilməsi, doktorantura və magistratura səviyyəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq qrant layihələrində iştirakın artırılması, xarici professor və mütəxəssislərin tədris prosesinə cəlb olunması prioritetlərdəndir. Elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi və incəsənət sahəsində innovativ tədqiqat istiqamətlərinin formalaşdırılması da diqqətdə saxlanılacaq.
Tələbəyönümlü ali təhsil mühitinin daha da təkmilləşdirilməsi, beynəlxalq tələbə forumlarının keçirilməsi, yaradıcılıq festivallarının davamlı xarakter alması, tələbələrin beynəlxalq müsabiqələrdə, sərgilərdə və biennalelərdə iştirak imkanlarının artırılması da nəzərdə tutulan tədbirlər sırasındadır. Azərbaycan Rəssamlıq Akademiyasının inkişaf strategiyası milli bədii irsin qorunması ilə yanaşı, müasir yaradıcı düşüncənin təşviqinə, rəqəmsal transformasiyaya və innovativ yanaşmaların tətbiqinə yönəlib. Bu fəaliyyətin Azərbaycan təsviri sənətinin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, yaradıcı sənayenin inkişafına və ölkənin mədəni diplomatiyasına töhfə verməsi gözlənilir.

