Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin tələbələri təhsil aldıqları ixtisasın imkanlarını və perspektivlərini daha geniş auditoriyaya çatdırmaq məqsədilə videotəqdimat hazırlayıblar.
“Tehsil365” xəbər verir ki, əczaçılıq ixtisasına marağın artırılması və bu sahəni seçmək istəyən abituriyentlərə daha ətraflı məlumat vermək məqsədi daşıyan təqdimatda tələbələr öz təcrübələri əsasında ixtisasın üstünlüklərindən söz açaraq, gələcək həmkarlarına faydalı tövsiyələrini də çatdırıblar.
Həmçinin tələbələr Əczaçılıq ixtisasının mahiyyəti, əczaçı peşəsinin səhiyyə sistemində rolu və bu sahədə təhsil almağın üstünlükləri barədə fikirlərini bölüşüblər. Onlar gələcək əczaçı kimi əldə etdikləri bilik və bacarıqlar, universitetdə yaradılan təhsil imkanları, praktiki hazırlıq prosesi və peşəkar inkişaf perspektivləri haqqında məlumat veriblər.
Qeyd olunub ki, əczaçılıq yalnız dərman preparatlarının hazırlanması və satışı ilə məhdudlaşmayan, insan sağlamlığının qorunmasında mühüm rol oynayan çoxşaxəli bir sahədir. Müasir əczaçıdan dərman vasitələrinin xüsusiyyətlərini dərindən bilmək, onların düzgün istifadəsi ilə bağlı pasiyentləri məlumatlandırmaq, məsuliyyətli və peşəkar yanaşma nümayiş etdirmək tələb olunur.
ATU-nun Əczaçılıq fakültəsində təhsil alan tələbələrin hazırladığı bu təqdimat həm ixtisasın tanıdılmasına, həm də əczaçı peşəsinin əhəmiyyətinin diqqətə çatdırılmasına xidmət edir.
Əczaçılıq ixtisasını seçmək, səhiyyənin mühüm istiqamətlərindən birində peşəkar gələcəyə addım atmaq deməkdir.

