Mədəniyyət Nazirliyinin sistemində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) optimallaşdırma üzrə prioritet istiqamətlər müəyyən edilib.
“Tehsil365” oxu.az-a istinadən xəbər verir ki, bu istiqamətlər Mədəniyyət Nazirliyinin tərəfindən Milli Məclisdə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirəyə təqdim olunan "Kitabxana sisteminin optimallaşdırılması: təhlil və islahatlar" adlı hesabatında yer alıb.
Qeyd olunub ki, kitabxanaların optimallaşdırması üzrə ümumilikdə 6 istiqamət müəyyənləşib:
1. Milli qanunvericiliyin yenilənməsi: "Kitabxana işi haqqında" Qanunun (1998) müasir rəqəmsal reallıqlara əhatə edəcək şəkildə yenilənməsi.
2. Yeni infrastrukturun yaradılması: IFLA standartlarına uyğun oxu zalları, internet təminatı, rəqəmsal xidmətləri olan müasir kitabxana binalarının tikilməsi və mövcud binaların əsaslı bərpası.
3. Kitab fondunun yenilənməsi: Mövcud fondun müasir ədəbiyyatla komplektləşdirilməsi.
4. Müasir texnologiyaların tətbiqi: KOHA kitabxana idarəetmə sisteminin bütün kitabxanalarda tətbiqi, e-kataloq və e-kitabxananın formalaşdırılması, onlayn istifadə imkanlarının yaradılması.
5. Kadr hazırlığı proqramı: Müasir kadr inkişaf planı (kitabxanaçıların yenidən hazırlanması, ixtisasartırma kursları və s.).
6. Səyyar kitabxana xidməti: Bütün ziyarətçi və əhalinin ehtiyaclarına xidmət göstərəcək avtomatlaşdırılmış, fondu mütəmadi yenilənən mobil kitabxanaların yaradılması.

