Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Qusar rayonunda keçirilən “Bootcamp”da iştirak ediblər.
BMU-dan “Tehsil365*ə bildirilib ki, tədbirdə Mühəndislik fakültəsinin mexanika mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Nəzrin Həmidova S.A.Y.A. (Smart Air Yielding Agro-system) layihəsi, elektrik mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Firəngiz İbrahimova isə “Ağıllı istixana” layihəsi ilə çıxış ediblər. BMU tələbələrinin kənd təsərrüfatında süni intellektin tətbiqinə yönəlmiş innovativ layihələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və diqqət çəkib. BMU tələbələrinin “Bootcamp”da iştirakı Aqrar İnnovasiya Mərkəzi ilə BMU Texnoparkı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində reallaşıb.
“Bootcamp”da ölkə üzrə süni intellektin tədris olunduğu ixtisaslar üzrə təhsil alan 20-yə yaxın ali təhsil müəssisəsindən tələbələr, həmçinin 10-dan artıq Akselerasiya və İnkubasiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi imkanları, innovativ həllərin hazırlanması və bu istiqamətdə müasir texnologiyalardan istifadə perspektivləri ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

