10–13 avqust 2026-cı il tarixlərində Cənubi Koreyanın Busan şəhərində qlobal kitabxana və informasiya xidmətləri sahəsində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan İFLA-nın 90-cı konfransı keçirilib.
“Tehsil365” xəbər verir ki, dünyanın 120-dən çox ölkəsindən 3500-dən artıq nümayəndənin iştirak etdiyi yubiley konfransı çərçivəsində 200-ə yaxın sessiya, poster təqdimatları, peşəkar görüşlər, müzakirələr, sərgilər və kitabxana ziyarətləri təşkil olunub. Tədbirin peşəkar və akademik sessiyalarında əsas diqqət müasir texnoloji yeniliklərin tətbiqi, açıq giriş və qlobal bilik infrastrukturu, rəqəmsal resursların əlçatanlığı və rəqəmsal transformasiya kimi aktual mövzulara yönəldilib.
Konfransda Azərbaycan Texniki Universitetini (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Mətanət Ələkbərova təmsil edib.
Səfər çərçivəsində AzTU nümayəndəsi universitetin kitabxana şəbəkəsini uğurla təqdim edib, həmçinin dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlər zamanı tədbir iştirakçılarına AzTU kitabxanasının fəaliyyəti və rəqəmsal resursları barədə ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

