45 ildir təhsil sistemində, son onillikləri isə Xəzər Universitəsində İctimai əlaqələr və media üzrə direktor, eləcə də Həmkarlar İttifaqının sədri olmaqla müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərirəm. 15-16 il bundan öncə orta məktəbi bitirmiş və universitəyə qoyan tələbələrlə indiki gəncləri müqayisə edərkən böyük bir fərq görür və buna çox sevinirəm”. Bu sözləri “Tehsil365”ə açıqlamasında Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli bildirib.
Ə.Əmirbəyli gənclərin nizam-intizamı və təhsilə olan həvəsini xüsusi vurğulayıb:
“Səmimi olaraq bildirirəm ki, indiki gənclərdən böyük məmnunluq hissi keçirirəm. Əsasən də yeni orta məktəbi bitirmiş gənclərin əksəriyyəti çox intizamlıdırlar. İndiki gənclər çox fərqlənmək, öyrənmək və hər şey bilmək istəyirlər. Nizamlıdırlar, o mənada ki, böyüklərin fikirilərini qəbul edir, öyrənməyə çalışır və bunun əsasında da gələcək işlərini qurmağa çalışırlar. Öncəki illərdə gələn şagirdlərdə aqressiya, əmlaka ziyan vurma halları var idisə, indikilərin isə öyrənməyə və elmə böyük həvəsləri var”.
Ekspert gənclərin özünüinkişaf və ictimai fəallıq baxımından da fərqləndiyini qeyd edib:
“indiki gəncləri fərqləndirən ən bpyük cəhət odur ki, indiki gənclər müasir dünyamızda hər şeyi öyrənməyə daha çox meyllidirlər. Onlar təkcə universitetin verdiyi akademik təhsillə kifayətlənmirlər; əlavə ictimai işlər görmək, müxtəlif qruplarda aktivlik etmək, sertifikatlar almaq və özlərini gələcək karyeralarına hazırlamaq kimi təqdirəşayan təşəbbüslərlə çıxış edirlər. Bu da bizi bir pedaqoq və idarəçi kimi çox sevindirir. Gənclərimizin bu potensialından çox məmnunam və bu inkişafın bundan sonra da davam etməsini arzulayıram”.

