Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək təhsilinin növbəti mərhələsinə hazırlaşan abituriyentlərin gələcək ixtisas seçiminə dəstək göstərilməsi, onların universitet mühiti, təhsil imkanları və karyera perspektivləri barədə ətraflı məlumatlandırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Açıq qapı” günü keçirilib.
“Tehsil365” xəbər verir ki, Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, maliyyə və mühasibatlıq sahəsində sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasının fakültənin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdıraraq, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlər qazanmasının, rəqəmsal texnologiyalardan və müasir analitik alətlərdən səmərəli istifadə bacarıqlarının formalaşdırılmasının, analitik və sistemli düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsinin, eləcə də peşə etikası və işgüzar davranış prinsiplərinin mənimsənilməsinin əmək bazarında rəqabətqabiliyyətli və peşəkar kadrların hazırlanmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Abituriyentlərə UNEC-də tədris prosesinin təşkili ilə yanaşı, tələbələr üçün mövcud olan müxtəlif imkanlar haqqında məlumat verilib. Tədbir iştirakçıları təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatlarının fəaliyyəti ilə tanış olublar.
Proqramın praktiki hissəsində gənclər fakültənin tədris infrastrukturu ilə tanış olaraq auditoriyalara və kompüter laboratoriyalarına baxış keçiriblər. Onlara tələbələrin elmi fəaliyyətə cəlb olunması, layihələrdə iştirakı, beynəlxalq proqramlardan yararlanması və şəxsi inkişaf üçün yaradılan imkanlar barədə də məlumat təqdim edilib.
Görüş interaktiv müzakirə ilə davam edib. Abituriyentlərin qəbul qaydaları, ixtisas seçimi, təhsil dövründə yararlana biləcəkləri proqramlar, təcrübə imkanları və məzun olduqdan sonra karyera istiqamətləri ilə bağlı sualları cavablandırılıb.
Tədbir gənclərin UNEC-in “Maliyyə və mühasibat” fakültəsində təhsil və inkişaf imkanları ilə bağlı daha geniş məlumat əldə etməsinə imkan yaradıb.

