Bakı Mühəndislik Universitetinin (BMU) Fizika ixtisasının II kurs tələbəsi Fatimə Nəbizadə Almaniyanın Heidelberg şəhərində fəaliyyət göstərən “Academy of Languages” dil mərkəzində intensiv ingilis dili proqramını uğurla başa vurub.
“Tehsil365” xəbər verir ki, Beynəlxalq təhsil mühitində təşkil olunan proqram çərçivəsində tələbənin ingilis dili üzrə bilik və bacarıqlarının inkişafına, eləcə də kommunikativ səriştələrinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. İnteraktiv tədris metodlarına əsaslanan intensiv proqram Fatimə Nəbizadənin dil biliklərini möhkəmləndirməklə yanaşı, beynəlxalq akademik mühitdə təcrübə qazanmasına da imkan yaradıb.
BMU tələbələrinin beynəlxalq təhsil və inkişaf imkanlarından yararlanması onların akademik dünyagörüşünün genişlənməsinə, müasir kompetensiyalarının formalaşmasına və gələcək karyera perspektivlərinin güclənməsinə töhfə verir. Bu imkanlar, həmçinin tələbələrin xarici dil və kommunikasiya bacarıqlarının inkişafına, hərtərəfli hazırlığının təmin edilməsinə xidmət edir.

