Azərbaycan Tibb Universitetinin (ATU) daha bir əməkdaşının aktual elmi araşdırması yüksək impakt faktorlu, “Web of Science” bazasında Q1 kvartilində yer alan beynəlxalq elmi jurnalda dərc olunub.
“Tehsil365” xəbər verir ki, ATU-nun Oftalmologiya kafedrasının dosenti, tibb elmləri doktoru Tural Qəlbinur və həmkarları regmatogen retinal qopmanın cərrahi müalicəsində istifadə olunan qaz və silikon yağı tamponadalarının nəticələrini müqayisəli şəkildə araşdırıblar. Bu araşdırmanın nəticələri T.Qəlbinurun “Regmatogen retinal qopmanın cərrahi müalicəsində qaz və silikon yağı tamponadalarının görmə nəticələrinə təsirinin müqayisəsi” adlı elmi məqaləsində əks olunub.
Tədqiqatın nəticələri göstərib ki, qaz tamponadasının tətbiqi daha yaxşı görmə nəticələri və göz daxili təzyiqin daha az yüksəlməsi ilə əlaqəlidir. Silikon yağı tamponadasının isə əsasən daha mürəkkəb retinal qopma hallarında tətbiq edildiyi müəyyən olunub.
Aparılan araşdırma regmatogen retinal qopmanın cərrahi müalicəsində tamponada seçiminin xəstənin klinik vəziyyətinə uyğun fərdiləşdirilməsinin əhəmiyyətini bir daha ortaya qoyur.
Məqalənin “Web of Science” bazasında Q1 kvartilində yer alan və yüksək impakt faktora malik beynəlxalq elmi jurnalda nəşr olunması Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının beynəlxalq elmi arenadakı mövqeyinin və tədqiqat fəaliyyətinin mühüm göstəricilərindən biridir.
Həmçinin tədqiqat BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd – “Yaxşı sağlamlıq və rifah” ilə birbaşa əlaqəlidir. Regmatogen retinal qopmanın cərrahi müalicəsində müxtəlif tamponada üsullarının nəticələrinin müqayisəsi xəstələr üçün daha təhlükəsiz, effektiv və fərdiləşdirilmiş müalicə strategiyalarının formalaşdırılmasına töhfə verir. Eyni zamanda, əldə olunan elmi nəticələrin beynəlxalq səviyyədə yayımlanması 4-cü məqsəd – “Keyfiyyətli təhsil” çərçivəsində elmi biliklərin inkişafı, tədqiqat potensialının gücləndirilməsi və qabaqcıl tibbi təcrübələrin akademik mühitdə paylaşılmasını dəstəkləyir.

