“İxtisas seçimi sadəcə gələcəkdə hansı işi görəcəyimizi müəyyən etmir. Bu seçim insanın motivasiya, özünəinam və psixoloji vəziyyətinə də təsir edə bilər”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Orxan Şərifzadə deyib.
Psixoloq bildirib ki, insan öz maraq və bacarıqlarına uyğun olmayan bir sahədə uzun müddət çalışdıqda əvvəlcə yorğunluq, sonra həvəssizlik, motivasiya itkisi və hətta “Məndə problem var?” düşüncəsi yarana bilər. Halbuki bəzən problem insanın özündə deyil - insan sadəcə özünə uyğun olmayan yerdədir.
“Xüsusilə gənclər ixtisas seçərkən yalnız valideynlərin istəyini, cəmiyyətin gözləntisini və ya gələcək qazancı düşünməməlidirlər. “Bu ixtisas prestijlidir” və ya “hamı bunu seçir” düşüncəsi insanın özünü tanımasının qarşısını ala bilər”.
Onun sözlərinə görə, özünə veriləsi ən vacib suallardan biri budur: “Mən hansı ixtisası seçməliyəm?” yox, “Mən kiməm və hansı həyat mənə uyğundur?”
“Çünki doğru ixtisas insanın potensialını ortaya çıxara bilər. Yanlış seçim isə insanı zamanla özündən uzaqlaşdıra bilər. İxtisas seçimi - sadəcə peşə seçimi deyil, həyat tərzi seçimidir”-deyə Orxan Şərifzadə qeyd edib.

