18 avqust 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
“Tehsil365” direktorların işə qəbulu prosesi ilə bağlı ən çox verilən sualların cavabını təqdim edir:
- Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?
- Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan, qaydalara uyğun minimum bal tələbini ödəyən və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər müsabiqədə iştirak edə bilərlər.
- Müsabiqədə iştirak üçün bal tələbi necə müəyyən edilir?
- Şagird sayı 501-dən çox olan təhsil müəssisələrinə müraciət edən namizədlər təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə göstərməlidirlər. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlər isə müəllimlərin işə qəbulu müsabiqəsinin, müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında və ya ixtisas bilikləri imtahanında 85% və daha yuxarı nəticə göstərməlidirlər.
Şagird sayı 500-dən az olan təhsil müəssisələrinə müraciət edən namizədlər təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə göstərməlidirlər. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlər isə müəllimlərin işə qəbulu müsabiqəsinin, müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında və ya ixtisas bilikləri imtahanında 70% və daha yuxarı nəticə göstərməlidirlər.
- Namizədlər müsahibə mərhələsinə necə dəvət edilir?
- Namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə müsahibəyə dəvət edilirlər.
-Müsahibə mərhələsində namizəd hansı meyar üzrə qiymətləndirilir?
Namizəd aşağıdakı meyar üzrə qiymətləndirilir:
• liderlik və strateji idarəetmə bacarıqları;
• pedaqoji və tədris bacarıqları;
• idarəçilik və təşkilatçılıq bacarıqları;
• ünsiyyət və əlaqə bacarıqları;
• problemlərin həlli və qərarvermə;
• rəqəmsal və texnoloji bacarıqlar;
• sosial və emosianal bacarıqlar.
- Ötən müsabiqələrdə iştirak etmiş namizədlərin nəticələri nə zaman elan ediləcək?
- Daha öncə baş tutan müsabiqələrdə iştirak etmiş namizədlərin nəticələrinin yeni tədris ili başlanılanadək elan edilməsi gözlənilir.
- Öncəki müsabiqələrdə iştirak etmiş namizədlər cari müsabiqədə iştirak edə bilərmi?
- Bəli. Öncəki müsabiqələrdə iştirak etmiş namizədlərin cari müsabiqədə iştirakına heç bir məhdudiyyət qoyulmur.

