I ixtisas qrupu üzrə ən çox tələb görən və əmək bazarında perspektivli hesab olunan ixtisaslardan biri kompüter mühəndisliyidir. Son illərdə informasiya texnologiyaları sahəsinə marağın artması bu ixtisas üzrə rəqabəti də gücləndirib.
“Tehsil365” 2024-2025-ci və 2025-2026-cı tədris illərində ali təhsil müəssisələrinin kompüter mühəndisliyi ixtisası üzrə keçid ballarını müqayisə edib.
Müqayisə bəzi universitetlərdə ciddi artımın, bəzilərində isə nəzərəçarpacaq azalmanın olduğunu göstərir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 451.4-dən 453.6-ya yüksəlib. Tədris ingilis dilində olan proqramda isə 549-dan 544.4-ə enib.
Azərbaycan Texniki Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 392.9-dan 389.2-yə düşüb. İngilis dilli proqram üzrə isə 606.1-dən 538-ə enmə qeydə alınıb.
Azərbaycan Dövlət İqtisad Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 584.8-dən 569.4-ə, ingilis dilli proqram üzrə isə 636.8-dən 622.5-ə enib.
Bakı Mühəndislik Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 403.9-dan 406.6-ya yüksəlib. İngilis dilli proqram üzrə isə 506-dan 515-ə artıb.
ADA Universitetində ingilis dilində tədris olunan kompüter mühəndisliyi üzrə keçid balı 618.2-dən 655.8-ə yüksəlib.
Milli Aviasiya Akademiyasında kompüter mühəndisliyinin ingilis dilli proqramında keçid balı 397.1-dən 414-ə yüksəlib.
Bakı Ali Neft Məktəbində ingilis dilində tədris olunan kompüter mühəndisliyi üzrə keçid balı 673-dən 662.2-yə enib.
Naxçıvan Dövlət Universitetində kompüter mühəndisliyi və onun ingilis dilli proqramı üzrə keçid balı hər iki ildə 200 bal olub.
Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhəri), Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri), Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Azərbaycan Kooperasiya Universitetində kompüter mühəndisliyi üzrə keçid balı da hər iki ildə 200 bal təşkil edib.
Sumqayıt Dövlət Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 284.7-dən 283.3-ə enib.
Qarabağ Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 442.3-dən 262.8-ə düşüb.
Türkiyə-Azərbaycan Universitetində ingilis dilində tədris olunan kompüter mühəndisliyi üzrə keçid balı 641.6-dan 570.6-ya enib.
“Azərbaycan” Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 282.7-dən 309.4-ə yüksəlib.
Qərbi Kaspi Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 200-dən 287.1-ə, ingilis dilli proqram üzrə isə 200-dən 279.3-ə yüksəlib.
Xəzər Universitetində ingilis dilində tədris olunan kompüter mühəndisliyi üzrə keçid balı 434.4-dən 316.4-ə enib.
“Odlar Yurdu” Universitetində kompüter mühəndisliyi üzrə keçid balı 200-dən 268.6-ya yüksəlib. İngilis dilli proqram üzrə isə hər iki ildə keçid balı 200 olub.
Ən böyük artım Qərbi Kaspi Universitetinin kompüter mühəndisliyi proqramında qeydə alınıb. Burada keçid balı 87.1 bal artaraq 200-dən 287.1-ə yüksəlib. Ən böyük azalma isə Qarabağ Universitetində müşahidə olunub. Universitetin kompüter mühəndisliyi ixtisasında keçid balı 179.5 bal azalaraq 442.3-dən 262.8-ə düşüb.

