“Dövlət bağçalarında yer tapmaq valdeynlərin qarşılaşdığı əsas problemlərdən biridir. Bununla bağlı, xüsusilə qeyd etmək istəyərdim ki, bağça yaşına gəlib çatmış gənclərin ümumi sayı ilə ölkədə fəaliyyət göstərən bağçaların say tutumunu müqayisə etdiyimizdə burda əməlli-başlı, ciddi fərq formalaşır”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında Təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspert bildirib ki, sıxlıq olan ərazilərdə bu rəqabət ciddi şəkildə özünü göstərir.
“Xüsusilə, sıxlıq olan ərazilərdə, əsasən Bakı şəhərində, bəzi prestijli bölgələrdə və bağçalarda bu rəqabət ciddi bir şəkildə özünü göstərir. Çünki hər kəs övladını yaxşı və prestijli bağçada oxutmaq istəyir. Məhz ona görə də bu rəqabətin formalaşması qaçılmazdır. Düşünürəm ki, prestijli bağçalarda yerin olmaması və qısa bir zamanda yerlərin tutulması əsasən bununla bağlıdır”.
Onun sözlərinə görə, əhalinin sıx məskunlaşdığı və çoxmərtəbəli binaların üstünlük təşkil etdiyi ərazilərdə uşaq bağçalarına tələbat daha yüksəkdir.
“Bəzi ərazilər var ki, həmin ərazilərdə yaşayış həddən artıq çoxdur. Yüksək mərtəbəli binalar və yaxud da insanların daha sıx yaşadığı, məskunlaşdığı ərazilər olduğuna görə həmin bağçaya olan tələbat da ciddi bir şəkildə artmış olur. Və hər kəs də övladını həmin bağçada oxutmaq istəyir, amma bir qismi həmin bağçada övladını oxuda bilmədiyi, gec müraciət etdiyi üçün və ya müraciətinə müsbət nəticə almadığı üçün istər-istəməz narazılığını ifadə edir. Bunu da əsas amil kimi, xüsusilə də, bağça yaşına gəlmiş uşaqların sayının daha çox olması ilə əlaqələndirilir”.
Ekspert vurğulayıb ki, bəzi ərazilərdə bağçalara cəlb o qədər də yüksək deyil.
“Hazırda Elm və Təhsil Nazirliyi qeyd etmişdir ki, biz məktəbəqədər yaşa çatmış gənclərin hardasa 50%-dən yuxarısını məktəbəqədər təhsil müəssisələrində yerləşdirilməsinə artıq səy göstərmişik və bunu 70%-ə qaldırmağı planlaşdırırıq. Çünki bilirsiniz ki, bəzi ərazilərdə, xüsusilə bölgələrdə məktəbəqədər təhsilə cəlb o qədər də yüksək səviyyədə deyil və yaxud məktəbəqədər təhsilə istiqamətlənmək icbari(məcburi) səviyyədə deyil, yəni könüllülük prinsipi əsasında həyata keçirilir. Ona görə də burda artıq istək və arzu ön plandadır, yəni valideyn istədiyi zaman göndərir. Mərkəzi yerlərdə və Bakı şəhərində bu daha çox intensiv olaraq müşahidə olunur və əksər valideynlər övladlarını həm əmək bacarığının fəaliyyəti üçün, həm də uşağın gələcək perspektivliyini düşündüyü üçün bağçalara yerləşdirir”.

