Bakı Mühəndislik Universitetinin (BMU) Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı Şəhriyar Muxtarovun həmmüəllifi olduğu elmi məqalə Web of Science və Scopus bazalarına daxil olan Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub.
“Tehsil365” xəbər verir ki, enerji siyasəti sahəsində dünyanın nüfuzlu elmi nəşrlərindən biri olan və Elsevier tərəfindən nəşr edilən Energy Policy jurnalında dərc olunan “GCC ölkələrində iqlim-elektrik enerjisi əlaqəsi: artan temperatur Körfəz ölkələrində elektrik enerjisinə tələbatı necə artırması” (The climate-electricity nexus in the GCC: How rising temperatures drive electricity demand across Gulf states) adlı məqalədə iqlim dəyişikliyi ilə elektrik enerjisinə tələbat arasındakı əlaqə Fars körfəzi Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələr timsalında araşdırılıb.
Tədqiqat regionun qlobal orta göstəricidən təxminən üç dəfə daha sürətlə istiləşməsinə və bunun enerji sistemlərinə təsirinə həsr olunub. Müəlliflər 1990-2022-ci illəri əhatə edən məlumatlar əsasında kointeqrasiyanın metodlarından istifadə etməklə hər bir ölkə üzrə gəlir, qiymət və temperatur elastikliklərini qiymətləndiriblər.
Nəticələr göstərir ki, illik orta temperaturun 1°C artması GCC ölkələrində elektrik enerjisi istehlakını 3,1–5,8 faiz artırır. Region üzrə bu, əlavə 32,2 TVt-saat elektrik enerjisinə tələbat, 16,8 milyon ton CO₂ emissiyası və təxminən 1,9 milyard ABŞ dolları həcmində əlavə elektrik enerjisi istehsalı xərci deməkdir. Tədqiqat temperaturun elektrik enerjisi istehlakının əsas amillərindən biri olduğunu, eyni zamanda düzgün tarif siyasətinin iqlimlə bağlı tələbat artımını qismən kompensasiya edə biləcəyini göstərir.
Müəlliflər enerji səmərəliliyinin artırılmasını, müasir soyutma texnologiyalarının tətbiqini və qiymət islahatlarının davam etdirilməsini GCC ölkələrinin xalis sıfır emissiya hədəflərinə nail olması üçün əsas istiqamətlər kimi göstərirlər.
Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
DOI:
https://doi.org/10.1016/j.enpol.2026.115490
Scopus:
https://www.scopus.com/pages/publications/105044309176

