Bakı Slavyan Universitetinin (BSU) Şərqi Avropa və Balkanşünaslıq fakültəsinin Tərcümə (rus dili–çex dili üzrə) ixtisası üzrə III tədris ili tələbəsi Aylin Rəhmanova Çex Respublikasının Karlov Universitetində keçirilən “Slavyan Araşdırmaları Yay Məktəbi” beynəlxalq proqramında iştirak edib.
“Tehsil365” xəbər verir ki, 16 iyul–13 avqust tarixlərində keçirilən yay məktəbi Karlov Universitetinin Fəlsəfə fakültəsinin təşkilatçılığı ilə baş tutub. Proqram iştirakçılara çex dili üzrə biliklərini təkmilləşdirmək, eləcə də Çex Respublikasının tarixi, ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb.
Beynəlxalq yay məktəbində iştirak Aylin Rəhmanovanın çex dili üzrə nəzəri və praktiki biliklərini möhkəmləndirməsinə, beynəlxalq akademik mühitdə yeni təcrübə qazanmasına, müxtəlif ölkələrdən olan tələbə və müəllimlərlə fikir və təcrübə mübadiləsi aparmasına şərait yaradıb.
Qeyd edək ki, Aylin Rəhmanova “Slavyan Araşdırmaları Yay Məktəbi” proqramında iştirak üçün Karlov Universitetinin təqaüd proqramının qalibi olub.

