Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin peşə təhsilinə marağının artırılması, mərkəzin fəaliyyəti və yaradılmış imkanların ictimaiyyətə təqdim olunması məqsədilə “Açıq qapı” günü keçirilib.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, iştirakçılar sırasında 2026/2027-ci tədris ili üzrə qəbulun I mərhələsində uğur qazanan şəxslər, Qəbələ və ətraf rayonların sakinləri, valideynlər, media nümayəndələri və başqaları yer alıblar.
Tədbirdə çıxış edənlər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, peşə təhsilinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasındakı rolundan, eləcə də gənclərin düzgün peşə seçiminə istiqamətləndirilməsinin əhəmiyyətindən danışıblar.
“Açıq qapı” günü çərçivəsində qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, tədris prosesi və tələbələr üçün yaradılmış imkanlarla tanış olublar. Müxtəlif ustad dərsləri keçirilib, tələbə və məzunların əl işlərindən ibarət sərgilər nümayiş etdirilib.
Həmçinin tədbir iştirakçılarına Təhsil Tələbə Krediti imkanları və 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı məlumatlar təqdim olunub. Gənclər üçün əyləncəli yarışlar və viktorinalar təşkil edilib, qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətində xüsusi xidmətləri ilə seçilən və tədris prosesinə töhfə verən heyətə fəxri fərmanlar təqdim olunub.

