Dağların qoynunda yerləşən, təbiətin əsrarəngiz gözəlliyi ilə seçilən Laçın bir neçə ildir ki, yenidən öz doğmalarını bağrına basır. Bir vaxtlar həsrətin və niskilin ünvanlarından biri olan bu qədim yurd bu gün Zəfərin, qayıdışın və quruculuğun rəmzlərindən birinə çevrilib.
xəbər verir ki, Son 6 ildə şanlı Zəfər salnaməsinə bir-birindən möhtəşəm səhifələr yazan Azərbaycan 2022-ci il avqustun 26-da daha bir qürurverici və əlamətdar hadisəyə imza atdı. Həmin gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da mühüm strateji əhəmiyyətə malik Laçın diyarının işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisəsi işğalçılar tərəfindən talan olunaraq məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib, 240 hektar ərazisi olan Qaragöl Dövlət Təbiət Qoruğuna və 20 min hektar ərazisi olan Laçın Dövlət Təbiət Yasaqlığına böyük ziyan vurulub.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməniəsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.
Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın 30 illik işğala son qoyması ilə nəticələnib. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı parlaq qələbələr, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, diplomatik məharəti və dəmir iradəsi Ermənistanı kapitulyasiyaya və işğal etdiyi əraziləri boşaltmağa məcbur edib. Üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusundan təhvil alınıb. Bundan əvvəl, həmin il noyabrın 9-da rayonun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Zəfərdən iki il sonra – 2022-ci il avqustun 26-da isə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə rayonun tam azadlığı təmin olunub. Beləliklə, həmin hadisə Azərbaycan xalqının Zəfər salnaməsində hərbi gücün, siyasi qətiyyətin və diplomatik iradənin vəhdətini nümayiş etdirən mühüm tarixi hadisələrdən birinə çevrilib.
Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərin tarixi siması qorunmaqla müasir infrastruktur yaradılır, yeni yaşayış məhəllələri, sosial obyektlər və digər mühüm layihələr həyata keçirilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində laçınlı məcburi köçkünlərin doğma yurda mərhələli şəkildə qayıdışı təmin edilir. 2023-cü il mayın 28-dən başlayaraq Laçın sakinləri öz doğma yurdlarına dönməyə başlayıblar. Vaxtilə həsrətlə xatırlanan küçələr, evlər və yurd yerləri yenidən canlanır, Laçın əvvəlki əzəmətinə qovuşur.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərdə istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib, açılış və təməlqoyma mərasimlərində iştirak edib, rayonda həyata keçirilən layihələrin və aparılan quruculuq işlərinin gedişi ilə tanış olub.
Laçın bu gün həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq siyasətinin və fəal ictimai həyatın nümunələrindən birinə çevrilib. Şəhər artıq bir sıra yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir, müxtəlif mühüm toplantıların, forumların və mədəni tədbirlərin keçirilməsi üçün əsas məkanlardan biri kimi seçilir. Bu, Laçının yalnız yaşayış məntəqəsi kimi deyil, Azərbaycanın ictimai, mədəni və beynəlxalq həyatında özünəməxsus yer tutan şəhər kimi yenidən formalaşdığını göstərir. Bu gün Laçında hər yeni küçə, hər yeni bina və hər qayıdan ailə Böyük Qayıdışın canlı təcəssümüdür. Bir vaxtlar işğalın ağır izlərini daşıyan şəhər indi quruculuğun, firavanlığın və gələcəyə inamın ünvanlarından birinə çevrilib.

