Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərən Polimer Materialları İnstitutunda elmi fəaliyyətin səmərəliliyinin artırılması və idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
“Tehsil365” xəbər verir ki, bu istiqamətdə aparılan struktur və kadr dəyişikliklərinin növbəti mərhələsi olaraq kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. Onun polimer kimyası və polimer materialları sahəsində elmi-pedaqoji fəaliyyəti, elmi-tədqiqat təcrübəsi və peşəkar səriştəsi institutun prioritet elmi istiqamətlərinin inkişafına mühüm töhfə vermək potensialına malikdir.
Yeni təyinat institutun elmi potensialından səmərəli istifadənin təmin edilməsi, fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi, elmi layihələrin və innovativ təşəbbüslərin inkişaf etdirilməsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

