"Azərbaycan İlahiyyat İnstitutu və Moskva İslam İnstitutu humanitar əməkdaşlıq sahəsində yeni birgə layihələr planlaşdırır.
“Tehsil365” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, "Mədinə" nəşriyyat evinin rəhbəri Dəmir Muxitdinov bildirib.
Onun sözlərinə görə, iki institut arasındakı əməkdaşlığa birgə tərcümə və nəşrlər, həmçinin tələbə mübadiləsi daxildir.
"Bizim humanitar sahədə, o cümlədən tərcümə və nəşrlər də daxil olmaqla bir çox belə layihəmiz planlaşdırılıb. Biz bu əməkdaşlığı davam etdiririk və təhsil müəssisələrimiz arasında tələbə mübadiləsini inkişaf etdiririk", - Muxitdinov deyib.
O qeyd edib ki, birgə layihələrdən biri "Dərbəndin tarixi" kitabının nəşri olub: "Bu, Azərbaycan İlahiyyat İnstitutunun və Moskva İslam İnstitutunun birgə layihəsi idi".
Muxitdinovun sözlərinə görə, tərəflər həmçinin Azərbaycan Elmlər Akademiyası və Nizami Gəncəvi Mərkəzi ilə də əməkdaşlıq edirlər.

