Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 2026/2027-ci tədris ili üzrə qəbul imtahanında 626 bal toplayaraq bu ali məktəbin riyaziyyat müəllimliyi ixtisasına qəbul olunan Aysu İsmayılova və onun valideynləri ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, Aysu İsmayılovanı yüksək nəticə göstərərək MDU-nun tələbəsi olması münasibətilə təbrik edən Anar Eminov gənc tələbənin bilik və potensialının göstəricisi olan yüksək qəbul balının onun qarşıdakı universitet həyatında böyük uğurlar qazanması üçün yaxşı başlanğıc olduğunu diqqətə çatdırıb. O, Aysu İsmayılovanın məhz müəllimlik ixtisasını seçməsini xüsusi dəyərləndirərək, gələcəkdə onun peşəsinə sevgi ilə yanaşan, müasir bilik və bacarıqlara yiyələnən, şagirdlərinin inkişafına töhfə verən nümunəvi pedaqoq kimi formalaşmasının vacibliyini vurğulayıb.
Görüşdə universitetdə tələbələrin yalnız akademik biliklər əldə etməsi deyil, eyni zamanda, müxtəlif layihə, sosial, elmi, mədəni və ictimai fəaliyyətlərdə fəal iştirak etməsi üçün yaradılan imkanlardan danışılıb. Aysu İsmayılova MDU-nun tələbəsi olmaqdan məmnunluğunu ifadə edib. O, universitetdə yaxşı nəticələr göstərmək, öz ixtisası üzrə biliklərini daha da inkişaf etdirmək və tələbə həyatında fəal iştirak etmək əzmi ilə bağlı fikirlərini bölüşüb.
Görüş zamanı tələbənin valideynləri də övladlarının yüksək nəticə göstərməsindən və MDU-ya qəbulundan məmnunluqlarını ifadə ediblər.

