Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Özbəkistanın ali təhsil müəssisələri arasında elmi və akademik əməkdaşlıq inkişaf etdirilir.
ADNSU-dan “Tehsil365*ə bildirilib ki, sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Özbəkistanın Əbu Reyhan Biruni adına Urgənc Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl kimya texnologiyaları: elmin, innovasiyaların və sənayenin transformasiya imkanları” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans müasir kimyəvi texnologiyaların, yaşıl innovasiyaların, qabaqcıl funksional materialların, ekoloji cəhətdən dayanıqlı texnologiyaların, neft-qaz sənayesinin, biotexnologiyanın, eləcə də süni intellekt əsasında hazırlanmış elmi-texnoloji həllərin aktual istiqamətlərinin müzakirəsinə həsr olunacaq.
Oktyabrın 22-23-də isə ADNSU Daşkənd Dövlət Texniki Universiteti ilə birgə Daşkənddə “Sənaye avtomatlaşdırılması üçün intellektual sistemlər” (WCIS-2026) mövzusunda 14-cü beynəlxalq konfrans keçirəcək. Bu konfrans intellektual avtomatlaşdırma, yumşaq hesablama və “Sənaye 4.0” konsepsiyası çərçivəsində kiberfiziki sistemlər sahəsində əldə olunan nailiyyətlərin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi və ən yeni elmi tədqiqatların təqdim olunması məqsədilə aparıcı alimləri, tədqiqatçıları və sənaye ekspertlərini bir araya gətirəcək.
Xatırladaq ki, ADNSU-nun birgə təşkilatçılığı ilə bu ilin aprel ayında Səmərqənddə “Tikinti mexanikası, hidravlika və su ehtiyatları mühəndisliyi” mövzusunda VIII beynəlxalq elmi konfrans (CONMECHYDRO 2026) keçirilib. Konfrans Mirzə Uluqbəy adına Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti, Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu Milli Tədqiqat Universiteti, Kərşi Dövlət Texniki Universiteti, Milli Tədqiqat Moskva Dövlət İnşaat Universiteti və Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universiteti ilə birgə təşkil olunub.
ADNSU ilə Özbəkistanın ali təhsil müəssisələri arasında həyata keçirilən birgə elmi təşəbbüslər iki ölkənin alim və tədqiqatçıları arasında əlaqələrin genişləndirilməsinə, qabaqcıl təcrübə və elmi nəticələrin mübadiləsinə, yeni birgə tədqiqat layihələrinin reallaşdırılmasına mühüm imkanlar yaradır.

