Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech”, “CQA International Ltd”, “AT-Geotech”, “A-A”, “Atlas” və “AzGeo” şirkətlərinin dəstəyi ilə keçirilən “GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir.
Bu barədə “Tehsil365*ə BDU-dan məlumat verilib.
Sessiyalarda BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev “Regional geologiya və tektonika” mövzusunda çıxış edib. O, çıxışında Azərbaycan ərazisinin geoloji-tektonik xüsusiyyətləri barədə məlumat verib. Bildirib ki, ölkəmizin ərazisi Aralıq dənizi qırışıqlıq qurşağının Qafqaz seqmentinin şərq hissəsini əhatə edir. Qafqazın polisiklik inkişaf tarixinə malik olduğunu diqqətə çatdıran alim bu xüsusiyyətin regionu təşkil edən struktur zonaların daxili quruluşunda Baykal, Hersin və Alp tektonik-maqmatik tsikllərinin təzahürlərində öz əksini tapdığını qeyd edib.
“Azerbaijan International Mining Company Limited” şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov isə düşərgə iştirakçılarına şirkətin fəaliyyəti, dağ-mədən sənayesində müasir geoloji tədqiqat metodları və kəşfiyyat işləri barədə məlumat verib. O, təmsil etdiyi şirkət tərəfindən həyata keçirilən geoloji-kəşfiyyat işləri, filiz yataqlarının resurs potensialının qiymətləndirilməsi metodologiyası, eləcə də dağ-mədən sənayesində tətbiq olunan innovativ analitik texnologiyalar haqqında elmi-praktik məlumatları diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun elmi katibi Səidə Zeynalova “GeoCamp” iştirakçılarına çaylarda su səviyyəsinin aşağı düşməsinə təsir edən antropogen amillər barədə məlumat verib. O, çay axınının azalması və kənd təsərrüfatında su qıtlığının yaranmasında antropogen təsirlərin rolundan bəhs edib, həmçinin bu proseslərin Xəzər dənizinin səviyyə tərəddüdləri və mövcud ekoloji problemlərlə əlaqəsinə diqqət çəkib.
Düşərgə çərçivəsində iştirakçıların geologiya, coğrafiya və dağ-mədən sənayesi üzrə nəzəri biliklərinin artırılması, müasir tədqiqat metodları ilə tanış olması və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif təlim və sessiyaların keçirilməsi davam etdirilir.

