Elm və təhsil naziri Emin Əmrullayev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
Nazirlikdən “Tehsil365*ə bildirilib ki, Emin Əmrullayev “Maarifçi” tələbə-məzun proqramının gənclərin elm və təhsil sahəsində həyata keçirilən prosesləri yaxından tanımaları, real iş mühitində praktiki təcrübə qazanmaları və peşəkar inkişaf etmələri baxımından əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, gənclərin inkişafı yalnız nəzəri biliklərin əldə olunması ilə məhdudlaşmamalı, onların real iş mühitində formalaşan təcrübə və bacarıqları ilə tamamlanmalıdır. Bu baxımdan “Maarifçi” proqramının iştirakçılara həm müxtəlif istiqamətlər üzrə təcrübə qazanmaq, həm də elm və təhsil sahəsində çalışan mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratdığını bildirib.
Emin Əmrullayev gənclərə proqram müddətində əldə etdikləri bilik və təcrübədən yararlanmağı tövsiyə edib.
Görüşdə “Maarifçi”lərin təhsil sistemi ilə bağlı sualları cavablandırılıb, prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Emin Əmrullayev müasir dövrün tələbləri, dəyişən əmək bazarı, gənclərin gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirməsi və ixtisas seçiminə məsuliyyətlə yanaşmasının əhəmiyyəti barədə danışıb. Nazir, həmçinin gənclərin elm və təhsil sistemində fəal iştirakı, onların bilik və bacarıqlarının gələcək inkişaf üçün əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. IV tələbə-məzun proqramında isə 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı qazanıb.

