Bakı Mühəndislik Universitetinə (BMU) 2026-2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ilkin nəticələr universitetə marağın və abituriyentlər arasında seçimin son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərir.
Universitetdən “Tehsil365*ə bildirilib ki, son illərdə BMU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir təhsil və tədqiqat infrastrukturunun yaradılması, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qəbul göstəricilərində də öz əksini tapıb.
BMU-nun innovasiya və beynəlmiləlləşməyə əsaslanan inkişaf strategiyası, ikili diplom proqramları, rəqəmsal tədris imkanları, müasir laboratoriyaları, elmi-tədqiqat mühiti, eləcə də startap və sahibkarlıq təşəbbüsləri bu universiteti abituriyentlər üçün cəlbedici ali təhsil müəssisələrindən birinə çevirib.
2023-2024-cü tədris ilində BMU-ya 30 ixtisas üzrə 1 177 nəfər, 2024-2025-ci tədris ilində 36 ixtisas üzrə 2 108 nəfər, 2025-2026-cı tədris ilində isə 39 ixtisas üzrə 2468 nəfər tələbə qəbul olunub. 2026-2027-ci tədris ilində isə 41 ixtisas üzrə ilkin nəticələrə əsasən qəbul olunanların sayı 2881 nəfərə yüksəlib. Beləliklə, son dörd ildə BMU-ya qəbul olunan tələbələrin sayında təxminən 145 faiz artım qeydə alınıb.
Yüksək balla qəbul olunanların sayında da artım müşahidə edilib. 2023–2024-cü tədris ilində BMU-nu seçən və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı 176 nəfər olub. Sonrakı illərdə bu göstərici iki dəfədən çox artıb. 2026–2027-ci tədris ilində ilkin nəticələrə əsasən 500- 700 bal aralığında nəticə göstərənlərin sayı 400 nəfərə yaxınlaşıb. Qəbul olunanların təxminən 14 faizi 500-dən, 2,6 faizi isə 600-dən yüksək bal toplayıb.
II, III və V ixtisas qrupları üzrə qəbul planı tam yerinə yetirilib. I ixtisas qrupu üzrə bu göstərici 98,3 faiz təşkil edib. Ümumilikdə ixtisasların və plan yerlərinin sayının artırılmasına baxmayaraq, bakalavriat səviyyəsi üzrə qəbul planının ilkin nəticələrə əsasən 98,3 faiz yerinə yetirilməsi universitet tarixində ən yüksək göstərici olub.
Qəbul nəticələri BMU-ya marağın artdığını, universitetin təklif etdiyi müasir təhsil imkanlarının və beynəlxalq akademik əməkdaşlıqlarının abituriyentlərin seçimində mühüm rol oynadığını göstərir. Eyni zamanda, yeni ixtisasların açılması, qəbul olunan tələbələrin və yüksək bal toplayan abituriyentlərin sayının artması BMU-nun müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində fəaliyyətinin nəticələrindən biri kimi qiymətləndirilə bilər.

