Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Özbəkistanın ali təhsil və elmi müəssisələri arasında əməkdaşlığın yeni mərhələsində akademik əlaqələrin genişləndirilməsi, birgə elmi tədqiqatların artırılması və innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə “Tehsil365*ə UNEC-dən məlumat verilib.
Qeyd olunub ki, əməkdaşlığın əsas istiqamətləri sırasında tələbə və müəllim mobilliyinin genişləndirilməsi, ikili diplom proqramlarının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin və nəşrlərin sayının artırılması, beynəlxalq akademik tədbirlərin təşkili yer alır.
Növbəti mərhələdə süni intellekt və rəqəmsal texnologiyalar, innovasiya və startaplar sahəsində əməkdaşlığın gücləndirilməsinə də xüsusi diqqət yetiriləcək. Həmçinin Özbəkistanın digər ali təhsil və elmi müəssisələri ilə yeni tərəfdaşlıq imkanlarının araşdırılması planlaşdırılır.
Davamlı inkişaf və yaşıl iqtisadiyyat, kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və digər aktual istiqamətlər üzrə birgə tədqiqatların genişləndirilməsi də əməkdaşlığın prioritetləri sırasında olacaq.
UNEC ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq artıq ikili diplom proqramları, akademik mobillik, peşəkar inkişaf və birgə elmi tədqiqatlar kimi müxtəlif istiqamətləri əhatə edir. Tərəfdaşlıq çərçivəsində ali təhsil müəssisələri ilə yanaşı, elmi-tədqiqat mərkəzləri, akademik icmalar və peşəkar platformalar arasında əlaqələrin inkişaf etdirilməsi də nəzərdə tutulur.
Yeni mərhələdə əsas məqsəd təhsil, elm, innovasiya, rəqəmsal transformasiya və insan kapitalının inkişafını əhatə edən davamlı strateji tərəfdaşlıq modelinin formalaşdırılmasıdır.
Bu əməkdaşlığın Azərbaycan və Özbəkistan arasında ali təhsil və elm əlaqələrinin daha da möhkəmləndirilməsinə, Türk dünyasının akademik məkanında yeni tərəfdaşlıqların yaranmasına və qlobal çağırışların həllinə yönəlmiş birgə elmi təşəbbüslərin inkişafına imkan yaradacağı gözlənilir.

