2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarında boş qalan plan yerlərinə ixtisaslaşma seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən “Tehsil365*ə bildirilib ki, seçimdə iştirak etmək hüququ qazanan bakalavrlar 30 avqust saat 23:59-dək elektron ixtisaslaşma seçimi ərizəsini dolduraraq təsdiqləməlidirlər.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.
Namizədlər ərizədə 20-dək ixtisaslaşma kodu qeyd edə bilərlər. Boş qalan plan yerləri üzrə müsabiqədə hansı bakalavrların iştirak edə biləcəyi və digər şərtlər isə DİM tərəfindən müəyyənləşdirilib.

