Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı ilə “GeoCamp” tələbə yay düşərgəsi keçirilib. BDU-nun Geologiya fakültəsi və “BDU könüllüləri” təşkilatının, habelə “CM Tech”, “CQA International Ltd”, “AT-Geotech”, “A-A”, “Atlas” və “AzGeo” şirkətlərinin dəstəyi ilə keçirilən düşərgə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş təşkil olunub.
BDU-dan “Tehsil365”ə bildirilib ki, görüşdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin ekoloji təhlükəsizlik sahəsində görülən işlər, mövcud problemlər, qarşıda duran əsas vəzifələr və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə tibbi tullantıların idarə olunması məsələsinə də xüsusi diqqət yetirilib. Tibbi tullantıların düzgün idarə edilməsinin ətraf mühitin və insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

