AMEA Arxeologiya və Antropologiya İnstitutu əməkdaşlarının elmi tədqiqatları Belçikanın “Brepols Publishers” akademik nəşriyyatının yeni ikicildliyində dərc olunub.
İnstitutdan “Tehsil365”ə bildirilib ki, ingilis dilində nəşr edilən “Urartu and Beyond: Improvement and Interaction in the Iron Age Highlands” ikicildliyi ARAXES seriyasının 5-ci cildidir.
Nəşrdə Urartu dövləti və onun qonşu ərazilərlə siyasi, mədəni və sosial əlaqələri, eləcə də Son Tunc və Dəmir dövrlərində regionda baş verən proseslər müxtəlif arxeoloji materiallar əsasında araşdırılır.
İkicildlikdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının dörd tədqiqatı yer alıb. İnstitutun şöbə müdiri dosent Bəhlul İbrahimlinin “Son Tunc-İlk Dəmir Dövründə dəfn adətlərindəki dəyişikliklər” adlı məqaləsi Naxçıvandakı Plovdağ nekropolu əsasında hazırlanıb. Tarix üzrə fəlsəfə doktorları - dosent Səfər Aşurov və dosent Bəxtiyar Cəlilovun həmmüəllifliyi ilə yazılmış “Daşkəsəndə Son Tunc – Erkən Dəmir dövrü: Çovdar nekropolu” məqaləsi də ikicildlik nəşrdə yer alıb. Səfər Aşurov və Neapol “L'Orientale” Universitetinin doktoru Manuel Kastelluççianın həmmüəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan Son Tunc – Dəmir dövrlərində” adlı məqalədə Urartu dövlətinin qonşuluğunda yerləşən müasir Azərbaycanın qərb ərazilərindəki həmdövr arxeoloji abidələr haqqında məlumat və tədqiqat nəticələri təqdim olunub. Elmi işçisi Lola Hüseynovanın “Çovdar nekropolunun bədii dizaynlı keramika nümunələri: zoomorfik naxışlı saxsı məmulatları” adlı məqaləsi də nəşrdə dərc olunub.
İkicildlikdə Azərbaycan arxeologiyasına dair digər mühüm tədqiqatlar da təqdim edilib. Nəşrdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Elmar Baxşəliyevin “Naxçıvanda (Azərbaycan) Orta Dəmir dövrünə aid yaşayış məskənləri”, Vəli Baxşəliyev, Pensilvaniya Universitetinin professoru Lauren Ristvet və həmin universitetin Antropologiya Departamentinin tədqiqatçısı Robert Brayantın həmmüəllifliyi ilə hazırlanmış tədqiqat, habelə BDU-nun Tarix fakültəsinin müəllimi, arxeoloq Günay Bayramovanın “Son Tunc – İlk Dəmir dövrünün sinə bəzəkləri” adlı məqaləsi yer alıb.
Azərbaycan arxeoloqlarının tədqiqatlarının belə bir beynəlxalq akademik nəşrdə yer alması ölkə arxeologiyasına dair yeni elmi nəticələrin beynəlxalq elmi dövriyyəyə çıxarılması və Azərbaycan arxeoloji materiallarının daha geniş elmi auditoriyaya təqdim olunması baxımından əhəmiyyətlidir.

