Bakı Mühəndislik Universiteti (BMU) ilə Çinin Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu (SDERI) arasında elmi-tədqiqat əməkdaşlığının yeni istiqaməti müəyyənləşib.
Tərəfdaş qurumların birgə hazırladığı “Natrium-ion batareyaları üçün sərt karbon anod materialının yaşıl üsulla hazırlanması” layihəsi Şandunq əyalətinin Əsas Tədqiqat və İnkişaf Proqramının beynəlxalq elmi və texnoloji əməkdaşlıq istiqaməti üzrə müsabiqəsində qalib olub.
Universitetdən “Tehsil365”ə bildirilib ki, 36 ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi natrium-ion batareyalarında istifadə olunan sərt karbonəsaslı anod materiallarının ekoloji və səmərəli üsulla hazırlanması texnologiyasının işlənib hazırlanmasıdır.
Tədqiqatlar çərçivəsində xammalın xüsusiyyətlərinin öyrənilməsi, ilkin emal və piroliz-karbonlaşdırma texnologiyalarının optimallaşdırılması, 50 kiloqramlıq pilot qurğunun təkmilləşdirilməsi və sərt karbon materiallarının modifikasiyası nəzərdə tutulur. Növbəti mərhələdə texnologiyanın pilot miqyasda sınaqdan keçirilməsi, əldə olunan məhsulların real iş şəraitində yoxlanılması, patent müraciətinin hazırlanması və texniki spesifikasiyaların işlənməsi planlaşdırılır. Layihəyə BMU tərəfindən Kimya mühəndisliyi kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev rəhbərlik edir. Çin tərəfdən isə layihənin icrasını Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu həyata keçirir.
Qeyd edilib ki, 2026-cı ildə BMU ilə Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu (Qilu Texnologiyalar Universiteti, Jinan, Çin Xalq Respublikası) arasında anlaşma memorandumu imzalanıb. Sənəd enerji, yaşıl texnologiyalar, yeni materiallar və digər prioritet istiqamətlər üzrə birgə tədqiqatların aparılması, layihələrin hazırlanması, alim və tədqiqatçı mübadiləsi, həmçinin elmi infrastrukturlardan qarşılıqlı istifadə imkanlarının genişləndirilməsini nəzərdə tutur. Hazırkı layihənin Şandunq əyalətinin Əsas Tədqiqat və İnkişaf Proqramı çərçivəsində dəstəklənməsi həmin əməkdaşlığın praktik nəticələrindən biri kimi qiymətləndirilir.
Layihə çərçivəsində Azərbaycan və Çin alimləri arasında elmi mübadilənin həyata keçirilməsi də nəzərdə tutulur. Müddət ərzində qarşılıqlı səfərlərin, o cümlədən BMU tədqiqatçılarının Çinə qısamüddətli elmi-tədqiqat səfərlərinin təşkili, laboratoriya imkanlarından istifadə və tərəfdaşlarla birgə araşdırmaların aparılması planlaşdırılır.
Yeni layihə BMU-nun Çinlə əməkdaşlığının təhsil sahəsi ilə yanaşı, elmi-tədqiqat və innovasiya istiqamətlərində də inkişaf etdiyini göstərir.
Hazırda BMU ilə Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) arasında bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirilir və PKTU-BMU Mühəndislik fakültəsi fəaliyyət göstərir. Əməkdaşlıq kimya, biotexnologiya, kompüter və mexanika mühəndisliyi istiqamətlərini əhatə edir. Həmçinin BMU ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) arasında magistratura səviyyəsində ikili diplom proqramı icra olunur.
Şandunq əyalətinin Əsas Tədqiqat və İnkişaf Proqramı çərçivəsində layihənin qalib olması BMU-nun Çinlə əməkdaşlığında təhsil, elm və innovasiyanın birləşdirildiyi yeni mərhələnin formalaşdığını nümayiş etdirir. Birgə əməkdaşlığın əsas istiqamətləri arasında elmi tədqiqatlar, yaşıl texnologiyalar, enerji saxlama sistemləri və innovativ materialların inkişafı xüsusi yer tutur.

