Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Akkreditasiya və keyfiyyət təminatı (AKT) şöbəsi ilə universitetin inzibati heyəti arasında görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüş zamanı AKT şöbəsinin fəaliyyəti haqqında ümumi məlumat iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, struktur bölmələrin fəaliyyət planlarının hazırlanması, onların icrasının monitorinqi və qiymətləndirilməsi, həmçinin yeni tədris ilində struktur bölmələr üzrə “keyfiyyət elçiləri”nin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Universitetdə istifadə olunan fəaliyyət planı və hesabat formaları, eləcə də digər müvafiq sənədlər iştirakçılara təqdim edilib. Görüş çərçivəsində universitetdə keyfiyyət mədəniyyətinin davamlı inkişafında struktur bölmə rəhbərlərinin və digər maraqlı tərəflərin fəal iştirakının mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Bildirilib ki, keyfiyyət təminatı prosesinin səmərəli təşkili və davamlı inkişafın təmin olunması universitetin bütün struktur bölmələrinin fəal iştirakını tələb edir.
Görüşün sonunda müzakirə olunan məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşün əsas məqsədi AKT şöbəsinin fəaliyyət istiqamətləri barədə inzibati heyətin məlumatlandırılması, eləcə də Akkreditasiya Komissiyasının Yekun Hesabatında təqdim olunan tövsiyələr əsasında yeni tədris ili üzrə fəaliyyət planının hazırlanması ilə bağlı məsələlərin müzakirəsi olub.

