Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov gənc tədqiqatçılarla görüş keçirib.
“Tehsil365” xəbər verir ki, görüş zamanı gənc tədqiqatçıların fəaliyyəti, onlar üçün yaradılan imkanlar və gələcək perspektivlər müzakirə olunub.
Xaricdə və dövlət proqramları çərçivəsində təhsil və tədqiqat təcrübəsi əldə edən gənclərin qazandıqları bilik və bacarıqların Azərbaycanda, xüsusilə universitet mühitində tətbiqi məsələlərinə diqqət yetirilib. Qeyd olunub ki, beynəlxalq akademik və elmi təcrübənin universitetin elmi fəaliyyətinə inteqrasiyası yeni tədqiqat istiqamətlərinin formalaşdırılmasına və mövcud imkanların genişləndirilməsinə mühüm töhfə verə bilər.
Rektor, dosent Rüfət Əzizov gənc tədqiqatçılara əldə etdikləri beynəlxalq təcrübədən səmərəli istifadə etməyi, bu təcrübəni universitetdə tətbiq etməyi və yeni elmi istiqamətlərin inkişafında fəal iştirak etməyi tövsiyə edib.
Görüşdə, həmçinin gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi və onların potensialından universitetin elmi və innovasiya ekosisteminin inkişafında daha geniş istifadə olunması ilə bağlı fikir və təkliflər səsləndirilib.

