Respublika Gözdən Əlillər Kitabxanasının səsli kitab fondu zənginləşdirilməkdə davam edir.
“Tehsil365” xəbər verir ki, diksiya təlimçisi Cəlalə Nəzəroğlunun “Ürəkli danış, səhnə sənindir” adlı kitabı səsli formatda hazırlanaraq kitabxananın fonduna daxil edilib. Nəşrdə düzgün və səlis danışıq, nitq mədəniyyəti, özünüifadə, ünsiyyət və auditoriya qarşısında inamlı çıxışla bağlı mövzulara yer verilir.
Kitab xüsusilə nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək istəyən oxucular üçün faydalı mənbədir. Kitabın səsli formatda kitabxananın fonduna daxil edilməsi görmə məhdudiyyətli şəxslərin nəşrdən daha rahat yararlanmasına imkan yaradır.
Qeyd edək ki, “Ürəkli danış, səhnə sənindir” kitabından yararlanmaq istəyən oxucular Respublika Gözdən Əlillər Kitabxanasına müraciət edə bilərlər. Respublika Gözdən Əlillər Kitabxanası müxtəlif formatlarda ədəbiyyatın oxucular üçün əlçatanlığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

