Türkiyə-Azərbaycan Universitetində (TAU) plan yerləri 97.5 faiz dolub.
Universitetdən “Tehsil365”ə bildirilib ki, ən yüksək göstərici bu il qeydə alınıb. Ümumilikdə, bu il 120 plan yeri üçün 117 tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 27 faiz artım deməkdir.
TAU üçün ən yüksək qəbul nəticəsi 667.5 bal, ən aşağı qəbul nəticəsi 401.7 bal olub. Qəbul olunanlardan 42 tələbə 600-dən yuxarı bal toplayan, 51 tələbə isə 500-dən yuxarı bal toplayan gənclərdir.
Universitetdə kompüter mühəndisliyi ixtisası üzrə 100 faiz nəticə (60 yer – 60 qəbul), sənaye mühəndisliyi ixtisası üzrə 100 faiz nəticə (30 yer – 30 qəbul) və qida mühəndisliyi ixtisası üzrə 90 faiz nəticə (30 yer – 27 qəbul) qeydə alınıb.
Ölkədə qida mühəndisliyi ixtisası üzrə ən yüksək qəbul balı (562.4 bal) və ən yüksək keçid balı (401.7 bal) TAU-da olub. Ölkədə sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək qəbul balı (667.5 bal) və ən yüksək keçid balı (507.1 bal) TAU-da qeydə alınıb. TAU-da kompüter mühəndisliyi ixtisası bu il də ən çox 600-dən yuxarı bal toplayan tələbə sayı ilə fərqlənib (35 nəfər).

