Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində 117 tələbə sonuncu kursda təhsil almaq üçün Koreya Respublikasına yola düşüb.
Universitetdən “Tehsil365”ə bildirilib ki, tələbələri İnçon Beynəlxalq Hava Limanında İNHA Universitetinin nümayəndə heyəti qarşılayıb.
Qeyd olunub kiki, BMU-İNHA ikili diplom proqramı üzrə bakalavriat təhsili “3+1” modeli əsasında təşkil olunur. Tələbələr informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə ilk üç akademik ili BMU-da, sonuncu kursu isə İNHA Universitetində oxuyurlar.
Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edirlər.
Proqramın icrasına başlanıldığı vaxtdan indiyədək 256 tələbə BMU-İNHA İDP üzrə məzun olub.
BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

