31 avqust 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tərəfindən vətəndaşların qəbulu keçirilib.
“Tehsil365” xəbər verir ki, Universitet rəhbərliyi ilə vətəndaşlar arasında birbaşa və açıq ünsiyyətin təmin edilməsi məqsədilə təşkil olunan qəbulda aidiyyəti struktur bölmə rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri, təklifləri və onları maraqlandıran məsələlər dinlənilib, qaldırılan mövzular ətrafında geniş müzakirələr aparılıb. Müraciətlərdə əksini tapan məsələlərin obyektiv və operativ şəkildə araşdırılması, müvafiq həll yollarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər nəzərdən keçirilib.
Rektor Anar Eminov vətəndaş müraciətlərinə diqqətlə yanaşılmasının, hər bir məsələnin fərdi qaydada və obyektiv qiymətləndirilməsinin, müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılmasının vacibliyini vurğulayıb. Aidiyyəti struktur bölmə rəhbərlərinə müraciətlərin araşdırılması və nəticələri barədə vətəndaşların müvafiq qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində mütəmadi olaraq keçirilən vətəndaş qəbulları universitet rəhbərliyi ilə vətəndaşlar arasında birbaşa ünsiyyətin gücləndirilməsinə, müraciətlərin operativ və obyektiv şəkildə araşdırılmasına, idarəetmədə şəffaflığın və əlçatanlığın təmin edilməsinə, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

