Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində tədris planlarının müasir elmi-texnoloji tələblərə və əmək bazarının gözləntilərinə uyğunlaşdırılması məqsədilə istehsalat və sənaye müəssisələrindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə geniş müzakirə keçirilib.
“Tehsil365” xəbər verir ki, iclası giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli çıxışında universitet–sənaye əməkdaşlığının sistemli şəkildə inkişaf etdirilməsinin müasir əmək bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rektor qeyd edib ki, təhsil proqramlarının əmək bazarının dinamik dəyişən tələbləri, sənayenin inkişaf prioritetləri və işəgötürənlərin gözləntiləri nəzərə alınmaqla daha da təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir və universitet–sənaye əməkdaşlığının yeni mərhələsi yalnız kadr hazırlığı ilə məhdudlaşmamalı, təhsil – elm – istehsalat - innovasiya əlaqələrinin vahid ekosistem çərçivəsində inkişafına xidmət etməlidir. Bu baxımdan, işəgötürənlərin təhsil proqramlarının formalaşdırılması və yenilənməsi prosesində iştirakının genişləndirilməsi universitetin strateji fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev tədris planlarının mövcud vəziyyəti və yenilənməsi nəzərdə tutulan istiqamətlər barədə məlumat verib. Qeyd olunub ki, tədris məzmununun müasir texnologiyalar, istehsalat prosesləri və əmək bazarının tələbləri ilə uzlaşdırılması tələbələrin nəzəri biliklərinin praktiki kompetensiyalarla tamamlanmasına imkan verəcək.
Müzakirələrdə müxtəlif istehsalat və sənaye müəssisələrini təmsil edən mütəxəssislər iştirak edərək tədris planlarında nəzərdə tutulan fənlərin məzmunu, praktiki yönümlülüyü və müasir texnoloji proseslərə uyğunluğu barədə rəy və təkliflərini bildiriblər. Görüşdə “Sumqayıt Nəqliyyat-1” MMC, Sumqayıt Elektrik Stansiyası, “SOCAR Downstream Management” MMC, Sumqayıt Texnologiyalar Parkı MMC, Zəngəzur Aqropark, “Aztelekom” MMC, “Azərenerji” ASC, “Azərkimya” İstehsalat Birliyi, “SOCAR Polymer” MMC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Sumqayıt “ASAN xidmət” mərkəzini təmsil edən mütəxəssislər iştirak ediblər.
Mütəxəssislərin rəyləri bakalavriat səviyyəsində Energetika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi, Mexanika mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə tədris planlarını əhatə edib.
Magistratura səviyyəsində isə Elektrik və elektronika mühəndisliyi – Elektrik təchizatı (sahələr üzrə), Kompüter mühəndisliyi – Kompüter sistemləri və şəbəkələri, İnformasiya texnologiyaları – İdarəetmədə informasiya sistemləri, İnformasiya təhlükəsizliyi – Kibertəhlükəsizlik, Data elmləri – Verilənlərin təhlili ixtisaslaşmaları üzrə tədris planlarına dair mütəxəssis rəyləri dinlənilib.
Görüşdə səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb, qonaqlar fəaliyyət sahələri üzrə təcrübələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edilib ki, mütəxəssis rəylərinin tədris planlarının yenilənməsi prosesinə inteqrasiyası təhsil proqramlarının praktiki yönümlülüyünün artırılmasına, tələbələrin peşəkar və texniki kompetensiyalarının inkişafına və onların əmək bazarına hazırlığının gücləndirilməsinə xidmət edəcək.
Mühəndislik fakültəsində tədris planlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

