Magistraturaya qəbulun ikinci mərhələsinin nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək həyata keçiriləcək.
“Tehsil365” xəbər verir ki, qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən elektron qaydada aparılır. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
Qeydiyyat necə həyata keçirilir?
Magistraturaya qəbul olunan şəxslər qeydiyyat üçün ilk növbədə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.
Daha sonra:
“Xidmətlər” bölməsinə keçid edilməlidir;
“Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyi seçilməlidir;
təqdim olunan xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidməti seçilməlidir;
qeydiyyat prosesi tələb olunan məlumatlar daxil edilməklə tamamlanmalıdır.
Qeydiyyat müddətinə diqqət!
Müəyyən edilmiş müddətdə elektron qeydiyyatdan keçməyən şəxslərin qəbuldan imtina etdiyi hesab olunacaq və onların qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Bu səbəbdən magistraturaya qəbulun ikinci mərhələsi üzrə qəbul olunan şəxslərin 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək qeydiyyat prosesini tamamlamaları vacibdir.
Uğurlar!

