AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Lola Hüseynova Avropa Arxeoloqlar Assosiasiyasının 32-ci İllik Görüşündə (EAA 2026) elmi məruzə ilə çıxış edib.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada keçirilən beynəlxalq konfransda Lola Hüseynovanın “Çovdar nekropolundan keramika materiallarının kimyəvi və çoxdəyişkənli analizi” mövzusunda tədqiqatı “Keçmişdən keçən yollar: Cənubi Qafqaz arxeologiyasının neolit dövründən erkən dəmir dövrünə qədər yenidən qiymətləndirilməsi” adlı 131-ci sessiya çərçivəsində təqdim olunub. Tədqiqatda Daşkəsən rayonunda yerləşən Çovdar nekropolunun Son Tunc – Erkən Dəmir dövrünə aid keramika materiallarının kimyəvi analizlərinin nəticələri təqdim edilib.
Lola Hüseynova konfrans çərçivəsində elmi fəaliyyətlə yanaşı, EAA 2026-nın təşkilati komandasında könüllü kimi də fəaliyyət göstərib. O, konfransın müxtəlif elmi sessiyalarının və tədbirlərinin təşkilati işlərinə dəstək göstərib.
Qeyd edək ki, EAA-nın illik görüşü Avropanın və dünyanın müxtəlif ölkələrindən 3000-dən artıq arxeoloqları, tədqiqatçıları və elmi qurumların nümayəndələrini bir araya gətirən beynəlxalq elmi platformalardan biridir.

