"Pedaqoji fakültələrin tədris proqramlarında pedaqoji nəzəriyyələr, uşaq inkişafı və uşaqlarda müxtəlif təməl bacarıqların inkişafı ilə bağlı məqamlar yer alır".
“Tehsil365” xəbər verir ki, bu sözləri PISA beynəlxalq qiymətləndirməsi ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev media nümayəndələrinin sualını cavablayarkən qeyd edib.
"Konkret olaraq hər bir universitetin proqramı ilə bağlı fikir bildirmək üçün həmin proqramlara ətraflı nəzər yetirmək lazımdır.
Biz, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə cari ilin əvvəlində bir əməkdaşlıq memorandumu imzaladıq. Memorandumun əsas məsələlərindən biri də ondan ibarət idi ki, ölkədə təhsil islahatları, təhsil yanaşmalarındakı dəyişikliklər, müəllimlərin peşəkar inkişafı, kurikulumlardakı dəyişikliklər, qiymətləndirmədə baş verən yanaşma fərqlilikləri necə pedaqoji universitetin tədris proqramlarında nəzərə alına bilər.
Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkədə müəllim kadrlarının hazırlanması ilə məşğul olan ən böyük ali təhsil müəssisələrindən biridir.
Ümid edirəm ki, bu, ən azı müsbət bir əlamətdir", - deyə o əlavə edib.

