İndoneziyada son üç gün ərzində dövlət proqramı çərçivəsində məktəblərdə pulsuz təqdim olunan yeməklərdən istifadə edən 2 minə yaxın şagird və müəllim xəstələnib.
“Tehsil365” xəbər verir ki, BBC-nin məlumatına görə, yerli hakimiyyət orqanları hadisələrlə bağlı mümkün kütləvi qida zəhərlənməsi hallarını araşdırır.
Sonuncu hadisə Mərkəzi Yava əyalətinin Lasem şəhərindəki orta məktəbdə qeydə alınıb. Çərşənbə günü nahardan sonra 752 şagird və 25 müəllimdə zəhərlənmə əlamətləri ortaya çıxıb.
Məktəbin direktoru Cuhartutikin sözlərinə görə, xəstələnənlərdə əsasən ishal və qarın ağrısı müşahidə olunub.
“Onlarda ishal var idi və növbə ilə tualetdən istifadə edirdilər. Ümumilikdə 40 tualet var, buna görə də hamısını qəbul edə bilmir”, - deyə direktor BBC News Indonesia-ya bildirib.
Hadisədən sonra məktəb təxminən 1,2 min şagirdi və 95 əməkdaşı evlərinə göndərib. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Hökumət onların tibbi xərclərini qarşılayacağını vəd edib. Yerli qida təchizatçısı da baş verənlərə görə məsuliyyəti üzərinə götürməyə hazır olduğunu açıqlayıb.
Bundan bir gün əvvəl Şərqi Yava əyalətindəki İslam internat məktəbində eyni pulsuz yeməklərdən istifadə edən təxminən 730 nəfər xəstələnib. Şagirdlərdən bəzilərinin vəziyyəti o qədər ağır olub ki, onlar xəstəxanaya əlil arabalarında aparılıblar.
Cənubi Sulavesi əyalətindəki məktəblərdə də daha bir neçə yüz nəfər zəhərlənmə əlamətlərindən şikayətlənib. Valideynlər və müəllimlər yeməklərdə selikli toyuq əti, tam bişirilməmiş qida və xoşagəlməz balıq qoxusunun olduğunu bildiriblər.
Zəhərlənmələrin dəqiq səbəbi hələ müəyyən edilməyib. Yerli hakimiyyət orqanları qida nümunələrini mümkün çirklənməyə görə yoxlayır. İlkin ehtimallar arasında qidanın düzgün saxlanılmaması və hazırlanması da var.

