Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olunan tələbələrin bütün fakültələr, o cümlədən Stomatologiya fakültəsi üzrə sənəd qəbulu prosesi davam edir.
“Tehsil365” xəbər verir ki, sənəd qəbulu ATU-nun 4 saylı tədris binasında hər gün saat 09:00-dan 17:00-dək həyata keçirilir. Prosesin yüksək səviyyədə təşkili məqsədilə sənəd qəbulunda fakültə dekanı, dekan müavini, akademik məsləhətçilər və fakültənin aktivist tələbələri iştirak edirlər. Qəbul prosesi yalnız sənədlərin təqdim edilməsi ilə məhdudlaşmır. Burada tələbə və valideynlərinə ATU-da tədrisin təşkili, tələbələrin dərsdənkənar fəaliyyət imkanları, tələbə təşkilatlarının fəaliyyəti, universitetin ictimai və sosial həyatında iştirak imkanları, eləcə də tələbəlik dövrü ilə bağlı digər vacib məsələlər barədə də ətraflı məlumat verilir.
Yeni tələbələrin universitet mühitinə daha rahat uyğunlaşmasına xüsusi diqqət yetirilir. Akademik məsləhətçilər və tələbə aktivistləri gələcək həmkarlarına ATU-da tələbə həyatının müxtəlif istiqamətləri barədə məlumat verir, onları maraqlandıran sualları cavablandırırlar.
04 sentyabr 2026-cı il tarixinə Stomatologiya fakültəsinə qəbul olunan 100 tələbədən 86-sı sənədlərini artıq təqdim edib.
Hər il olduğu kimi, fakültənin builki qəbul göstəriciləri də yüksək nəticə ilə diqqət çəkir. Belə ki, Stomatologiya fakültəsi üzrə ən yüksək bal 680,6 olub.
Qeyd edək ki, Stomatologiya fakültəsi üzrə sənəd qəbulu 08 sentyabr 2026-cı il tarixinədək davam edəcək.

