Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “English Lexicology” - “İngilis dilinin leksikologiyası” adlı dərsliyi nəşr olunub.
“Tehsil365” xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında çap olunmuş dərsliyin rəyçiləri professorlar Fərman Zeynalov və Azad Məmmədovdur.
Kitab ingilis dili leksikologiyası üzrə mühazirələr silsiləsi əsasında hazırlanıb. Dərs vəsaiti ADU-nun ingilis dili və ya dilçilik ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub. Dərsliyin əsas məqsədi tələbələri maraqlandıran mövzular üzrə gələcək tədqiqatlar aparmağa hazırlamaq üçün ingilis dili leksikologiyası sahəsindəki təməl bilikləri təqdim etməkdən ibarətdir.
Nəşrdə söz nəzəriyyəsi və ingilis dili leksikasının əsas problemləri ilə bağlı nəzəri məlumatlar, mühüm anlayışların izahı, mühazirə materialları, seminar sualları, praktiki tapşırıqlar, çalışmalar və aralıq testlər yer alıb. Kitabda, həmçinin tələbə və magistrantların müstəqil işi üçün elmi mövzuların siyahısı təqdim olunub.
Nəşr ön söz, 24 fəsil, xülasə, biblioqrafiya, özünü yoxlamaq üçün test və suallar, terminlər lüğəti, tapşırıqlar və onların cavablarından ibarətdir.

