Prezident İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilir.
Kitabxanadan “Tehsil365*ə bildirilib ki, elektron resurs şəhərsalma və memarlıq sahəsində Azərbaycanın zəngin tarixi irsinin, milli memarlıq məktəbinin, müasir şəhərsalma proseslərinin və bu istiqamətdə həyata keçirilən quruculuq işlərinin geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanıb.
Hazırlanan elektron məlumat bazasında mövzu ilə əlaqədar müxtəlif istiqamətləri əhatə edən zəngin informasiya və elektron resurslar sistemləşdirilib. Bazanın “Rəsmi sənədlər”, “Xronologiya”, “Görkəmli şəxslərin fikirləri”, “Qlobal şəhərsalma gündəliyi”, “Şəhərsalma Forumu-2026”, “Müasir memarlıq abidələri”, “Mədəni irs nümunələri”, “Tarix və mədəniyyət abidələri”, “Müasir şəhərsalma”, “Ümumdünya irs obyektləri” və digər bölmələrində mövzuya dair materiallar təqdim olunur.
Elektron bazada Azərbaycanın şəhərsalma tarixinin müxtəlif mərhələlərinə geniş yer ayrılır. Burada Azərbaycan memarları, şəhərsalma tarixi, orta əsrlərdə memarlıq, Memar Əcəmi Naxçıvani, müasir dövrün memarları haqqında məlumatlarla yanaşı, şəhərsalma və memarlıqla bağlı kitablar, dövri mətbuat nümunələri də toplanıb.
Resursun mühüm xüsusiyyətlərindən biri məlumatların müxtəlif formatlarda təqdim edilməsidir. Bazada Azərbaycan, ingilis və rus dillərində kitablar, məqalələr, elektron resurslar, izonəşrlər, dissertasiyalar, avtoreferatlar, video və foto materiallar üçün ayrıca keçidlər yaradılıb.
Elektron məlumat bazasında Azərbaycanın qədim memarlıq irsi ilə yanaşı, müasir şəhərsalma siyasəti və ölkənin yeni şəhər mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr də diqqət mərkəzində saxlanılır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir və dayanıqlı şəhər konsepsiyalarının tətbiqi, tarixi memarlıq irsinin qorunması ilə müasirliyin vəhdəti barədə məlumatlar resursda öz əksini tapır.
“Şəhərsalma və Memarlıq İli” adlı elektron məlumat bazası kitabxananin rəsmi saytında yerləşdirilib.

