Televiziya rejissoru, aparıcı, dublyaj aktrisası və pedaqoq Azadə Abbaszadə Respublika Gözdən Əlillər Kitabxanasının qonağı olub.
“Tehsil365” xəbər verir ki,səfər zamanı Azadə Abbaszadə kitabxananın fəaliyyəti ilə yaxından tanış olub. Ekskursiya çərçivəsində oxu zalına baxış keçirilib, kitab fondu ilə tanışlıq olub, həmçinin görmə məhdudiyyətli şəxslərin informasiya və mütaliə imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Azadə Abbaszadə kitabxananın səsyazma studiyasına da baş çəkərək burada həyata keçirilən səsli kitab layihələri ilə tanış olub. Görmə məhdudiyyətli oxucular üçün ədəbiyyatın əlçatanlığının artırılmasında səsli kitabların əhəmiyyətini vurğulayan Azadə Abbaszadə özü də bu təşəbbüsə töhfə verib.
Səfərin sonunda Azadə Abbaszadə səsyazma studiyasında Aysel Şıxlının “Qanadsız mələk” kitabının səsləndirilməsinə başlayıb. Hazırda əsərin audio formatda hazırlanması istiqamətində işlər davam etdirilir.
Yeni səsli kitabın hazırlanması ilə “Qanadsız mələk” əsəri də kitabxananın görmə məhdudiyyətli oxucuları üçün əlçatan nəşrlər sırasına daxil olacaq.
Respublika Gözdən Əlillər Kitabxanasında səsli kitabların hazırlanması istiqamətində həyata keçirilən layihələr görmə məhdudiyyətli şəxslərin mütaliə imkanlarının genişləndirilməsinə və onların ədəbiyyata çıxışının təmin olunmasına xidmət edir.

