UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinə bu il ən yüksək balla qəbul olunan tələbə İsmət Məmmədov fakültənin dekanı, dosent Elman Cəfərovla görüşüb.
“Tehsil365” xəbər verir ki, 182 nömrəli tam orta məktəbin məzunu olan İsmət Məmmədov qəbul imtahanında 667 bal toplayaraq UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasının ingilis dili bölməsinə qəbul olub.
Görüş zamanı Elman Cəfərov tələbəni yüksək qəbul nəticəsi münasibətilə təbrik edib və yeni təhsil mərhələsində ona uğurlar arzulayıb.
Söhbət zamanı İsmət Məmmədovun seçdiyi ixtisas, gələcək karyera hədəfləri, fakültədə yaradılan təhsil imkanları və tələbələrin müxtəlif əməkdaşlıq proqramlarında iştirakı barədə fikir mübadiləsi aparılıb.
İsmət Məmmədov UNEC-i seçməsində universitetin müasir təhsil imkanlarının, əlverişli yerləşməsinin və müxtəlif əməkdaşlıq perspektivlərinin rol oynadığını bildirib. O, III saylı tədris binasında keçirilən Açıq qapı günündə iştirak etdiyini və həmin tədbirin universitet seçiminə müsbət təsir göstərdiyini qeyd edib.
Gələcək hədəflərindən danışan tələbə informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssis olmaq istədiyini vurğulayıb. O, universitetdə təhsil aldığı müddətdə bilik və bacarıqlarını inkişaf etdirmək, bu istiqamətdə praktiki təcrübə qazanmaq üçün üzərində ciddi çalışacağını bildirib.
Qeyd edək ki, İsmət Məmmədovun qardaşı Səməd Məmmədov da bu il UNEC-ə yüksək nəticə ilə qəbul olub.

