AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimləri Dr. Yaqub Məmmədov, Ülviyyə Səfərova, eləcə də Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HESS) II kurs tələbəsi Mustafa Xəlilov 2026- cı il 25 iyul – 25 avqust aralığında AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Tokio Universiteti arasında bağlanmış müqaviləyə əsasən Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən Tağlar mağarasında aparılan birgə beynəlxalq arxeoloji tədqiqatların üçüncü mövsümündə iştirak etmişlər. Bu il olduğu kimi, Dr. Yaqub Məmmədov və Ülviyyə Səfərova 2024–2025-ci illərdə aparılmış tədqiqatlarda da olmuşlar.
“Tehsil365” xəbər verir ki, Mağara 1960-cı ildə Azərbaycan paleolitşünaslığının banisi Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır. 1964–1986-cı illərdə fasilələrlə aparılan tədqiqatlar nəticəsində mağaranın mövcud çöküntülərinin üçdə iki hissəsi öyrənilmişdir. Bu tədqiqatlar zamanı müəyyən edilmiş altı mədəni təbəqədən 9 mindən artıq arxeoloji nümunə aşkar olunmuşdur ki, onların böyük əksəriyyəti Orta Paleolit dövrünə aiddir. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Azad Zeynalovun, Yaponiya tərəfindən isə Tokio Universiteti Muzeyinin direktoru və Çiba Texnologiya İnstitutunun geokosmoloji tədqiqatların fənlərarası perspektivdən təşviqi üzrə direktor müavini professor Yoşihihiro Nişiakinin rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində mağaranın mədəni təbəqələrinin mütləq əksər hissəsi Orta Paleolit (Mustye mədəniyyəti) dövrünə aid edilsə də, Üst Paleolit nümunələri də qeydə alınmışdır. Mağarada insanların azı 100–35 min il əvvəl yaşadığı maddi nümunələrlə təsdiqlənsə də, hazırda mütləq yaşın müəyyən olunması üçün radiometrik təhlillər aparılır. Beləliklə, Tağlar mağarasının tədqiqi neandertal tipli insanların miqrasiyası və məskunlaşması məsələsinin öyrənilməsi ilə yanaşı, müasir tipli insanlarla münasibətlərinə də aydınlıq gətirilməsində böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə tədqiqatlarda müasir qazıntı texnikası və üsulları tətbiq olunmaqla, multidisiplinar araşdırmalar aparılır.
Qeyd etmək lazımdır ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı könüllü proqram çərçivəsində və müəllimlərinin tövsiyəsi əsasında “Xəzər”in tələbəsi Mustafa Xəlilov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin III kurs tələbəsi Tural Səfiyev və Gəncə Dövlət Universitetinin (GDU) İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Anar Səfiyev ilə birgə tədqiqatlarda iştirak edirlər. Tələbələrin Tağlar mağarasındakı Azərbaycan–Yaponiya birgə arxeoloji tədqiqatlarda iştirakı həm elmi, həm də ictimai baxımdan mühüm əhəmiyyət daşıyır. Onların ekspedisiyaya cəlb olunması gənclərin nəzəri biliklərini praktik mühitdə sınamasına, arxeoloji metodlarla tanış olmasına və beynəlxalq əməkdaşlıq mühitində təcrübə qazanmasına imkan yaradır. Bu proses gələcəkdə ölkənin arxeologiya sahəsində peşəkar kadr potensialının güclənməsinə, gənclərin elmi fəaliyyətə marağının artmasına və milli-mədəni irsin öyrənilməsinə töhfə verir.

