"PISA şagirdlərin yalnız biliklərini deyil, həmin bilikləri real həyatda tətbiq etmək bacarıqlarını da qiymətləndirir".
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycandan PISA 2025 qiymətləndirməsində 7 432 şagird iştirak edib.
Onun sözlərinə görə, seçmə yolu ilə müəyyənləşdirilən şagirdlərin nəticələri ölkə üzrə ümumi göstəricilərin hesablanmasında istifadə olunur.
E.Əmrullayev qeyd edib ki, PISA çərçivəsində üç əsas istiqamət- oxu savadlılığı, riyazi savadlılıq və təbiət elmləri üzrə savadlılıq qiymətləndirilir.
Nazir xüsusilə oxu savadlılığının Azərbaycan dili və ədəbiyyat fənni ilə eyniləşdirilməməli olduğunu vurğulayıb.
"Burada dil yoxdur, "oxu savadlılığı" adı ilə gedir. Çünki dil başqa şeydir və bu, Azərbaycan dili və ədəbiyyat fənninə aid deyil. Azərbaycan dili və ədəbiyyat fənni dil fənnidir, istiqamət olaraq fərqli baxışlar var",- deyə nazir bildirib.
Riyazi savadlılığa toxunan E.Əmrullayev qeyd edib ki, PISA-da şagirdlərin riyazi biliklərdən real həyat hadisələrinin və problemlərinin həllində istifadə etmək bacarıqları qiymətləndirilir.
Onun sözlərinə görə, riyazi savadlılıq çərçivəsində şagirdlər real həyatda qarşılaşdıqları hadisələrə riyazi problemlər kimi yanaşmalı, həmin problemləri həll etməli, nəticəyə gəlməli və əldə olunan nəticələri şərh etməlidirlər.
"Ənənəvi olaraq bizdə belə bir adət var. Uaqlar qaydaları düzgün bilirlər, riyazi düsturları həll edirlər, amma nəticələri müvafiq şəkildə əsaslandırmaqda çətinlik çəkirlər. PISA bir tərəfdən bizə belə nəticələri görmək imkanı verir",- deyə E.Əmrullayev əlavə edib.

