PISA nəticələri təhsildə son 1-2 ildə görülən işlərin deyil, şagirdin uzun illər ərzində əldə etdiyi bilik və bacarıqların göstəricisidir.
“Tehsil365” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, PISA-da əsasən 15 yaşlı şagirdlər qiymətləndirilir və onların nəticələri məktəbəqədər dövrdən etibarən 15 yaşa qədər formalaşan təhsil təcrübəsinin nəticəsini əks etdirir.
"Biz faktiki olaraq daha çox 2016-2017-ci illərdə görülən işlərin nəticəsini görəcəyik, nəinki bugünkü gündəki kimi. Bu nəticələr 1-2 ildə dəyişmir",- deyə E.Əmrullayev qeyd edib.
O vurğulayıb ki, ölkənin öz nəticələrini əvvəlki illərlə müqayisə etməsi təhsilin hansı formada təşkil edildiyini, hansı layihələrin həyata keçirildiyini və görülən işlərin nəticələrini qiymətləndirmək baxımından əhəmiyyətlidir.
Nazirin sözlərinə görə, PISA həmçinin beynəlxalq əməkdaşlıq və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından mühüm platformadır.
"Beynəlxalq əməkdaşlıq ölkələrin böyük bir qlobal şəbəkəyə, qabaqcıl təcrübəyə və təhsildə müxtəlif təcrübələrin qarşılıqlı istifadəsinə çıxışını təmin edir",- deyə nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, xüsusilə riyaziyyat və təbiət elmləri üzrə nəticələrin təhlili tədris, ölçmə və qiymətləndirmə mexanizmlərinin elmi əsaslarla araşdırılması baxımından vacibdir.
Nazir PISA-nın əhatə dairəsi barədə də məlumat verib. O bildirib ki, qiymətləndirmədə 81 ölkə və iqtisadiyyatdan 3,5 milyona yaxın şagirdi təmsil edən təxminən 760 min şagird iştirak edib.
"PISA-da bütün bunlar statistik yolla seçilmiş təsadüfi seçim əsasında həyata keçirilir",- deyə E.Əmrullayev əlavə edib.

