Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2026-2027-ci tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər göndərib.
“Tehsil365” xəbər verir ki, kitablar sentyabrın 8-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib. Səfirliyin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan tərəfinə 18 adda 22 min 50 ədəd ana dili və ədəbiyyatı dərslikləri təqdim edilib. Dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanılacaq. Onun sözlərinə görə, iki ölkənin təhsil nazirlikləri arasında 2022-ci ildə imzalanmış müqaviləyə əsasən Azərbaycandakı gürcüdilli məkəblərin şagirdlərinə də gürcü dilində dərsliklər çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 670 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

