“Research.com” beynəlxalq akademik qiymətləndirmə platformasının 2026-cı il reytinqində professor Abdulla Avey Sofiyev maşınqayırma və aerokosmik mühəndislik sahəsində Azərbaycan üzrə birinci yerə layiq görülüb.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, platformanın məlumatlarına görə, Sofiyevin D-indeksi 47, qiymətləndirməyə daxil edilən elmi nəşrlərinin sayı 171, həmin işlərə edilən istinadların sayı isə 6636-dır. O, dünya sıralamasında 1288-ci yerdədir.
A.Sofiyevin elmi araşdırmaları kompozit və nanokompozit strukturlar, funksional qradasiyalı materiallar, qabıq mexanikası, vibrasiya, burulma, dayanıqlıq problemləri və riyazi modelləşdirmə istiqamətlərini əhatə edir. Onun silindrik və konik qabıqların mexaniki xüsusiyyətlərinin müasir material modelləri və riyazi üsullarla tədqiqinə dair çalışmaları beynəlxalq elmi ədəbiyyatda diqqət çəkir.
Elmi fəaliyyətini Türkiyədə davam etdirən A.Sofiyev İstanbul Ticarət Universitetindəki akademik fəaliyyəti ilə yanaşı, Azərbaycan universitetləri ilə elmi əməkdaşlıq aparır. O, xüsusilə Azərbaycan Memarlıq və İnşaat və Odlar Yurdu universitetləri ilə birgə tədqiqat və akademik layihələr həyata keçirib.
Professor A.Sofiyevin adı daha əvvəl Stanford Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan və “Elsevier” tərəfindən yayımlanan “Dünyanın ən nüfuzlu alimləri” siyahılarında yer alıb.
Onun “Research.com”un 2026-cı il qiymətləndirməsində öz sahəsi üzrə qeyd edilən yerlərdə qərarlaşması uzunmüddətli elmi fəaliyyətinin və Türkiyə-Azərbaycan akademik əməkdaşlığına verdiyi töhfənin göstəricisi kimi dəyərləndirilir.

